Asiyada güclü yağışlar 350-dən çox insanın həyatına son qoyub
Son bir həftədə Asiya qitəsində yağan güclü yağışlar nəticəsində baş verən fəlakət və qəzalarda 350-dən çox insan həyatını itirib.
"AzadBaki" İnformasiya Agentliyi KİV-ə istinadən xəbər verir ki, hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları Asiyaya böyük ziyan vurur.
Belə ki, Hindistanda yağan güclü yağış ölkənin cənubunda torpaq sürüşməsinə səbəb olub. İyulun 30-da ölkənin cənubundakı Kerala ştatında torpaq sürüşməsi nəticəsində 289 nəfər ölüb. Torpaq sürüşmələrindən sonra 8300-dən çox insan yardım düşərgələrinə təxliyə edilib.
Çinin Hunan əyalətində təsirli olan "Qaemi" qasırğası nəticəsində 30 nəfər ölüb, 35 nəfər isə itkin düşüb.
Pakistanın şimal-qərb sərhədində yerləşən Hayber-Paxtunxva əyalətində leysan yağışların səbəb olduğu daşqınlar bölgədəki evlərə və körpülərə ciddi ziyan vurub. Səlahiyyətlilər sel və daşqınlar nəticəsində 35 nəfərin həyatını itirdiyini bildiriblər.